Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclarla bağlı açıqlama verib.
DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib:
"İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.
Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır".