Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi 

Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi  Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hadisə
25 May , 2024 11:15
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi 

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb.

O, müraciətdə uzun illərdir siyasətlə məşğul olduğunu, baş verən terrorun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:

"Dövlətimizin müstəqilliyini qazanmasında müstəsna rol oynamışam, 2003-cü ildən Böyük Quruluş Partiyasının sədri, 2005-ci ildən isə millət vəkiliyəm. Mən, həmçinin Fəlsəfə üzrə fəlsəfə doktoru, eləcə də dini inancları olan biriyəm. Baş verən terror aktının mənim siyasi fəaliyyətim və dünya görüşümlə bağlı olduğunu düşünürəm. İş üzrə dindirilmişəm, mənə qarşı terror edən şəxsləri tanımıram. Ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-iran terrorçularına qarşı çıxışlarım olub", - millət vəkili deyib.

Deputat qeyd edib ki, ötən il Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilmişdi. O, vurğulayıb ki, bütün bu olanların əsas məqsədi ölkədə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır.

Fazil Mustafanın müraciətindən sonra Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib. O, deyib ki, silahı digər təqsirləndirilən şəxs Azər Səricanovdan alıb. Müttəhimin sözlərinə görə, Azər Səricanovu bir il əvvəl tanıyıb. Azər onlara gələndə Fazil Mustafadan şikayət edib. Onun çıxışlarının dinə qarşı qərəzli olduğunu deyib.

“Bir gün Azərlə söhbət edərkən mənə dedi ki, silah verəcəm bunu saxlayarsan. Sonra çöldən içərisində 7 güllə və patron olan çanta gətirdi. Həmin axşam çantanı alıb evə qayıtdım. Onu evdə gizlətdim. Azərgildə olanda otaqda ikimizdən başqa heç kim yox idi. Bir dəfə ondan silahı nə vaxt məndən alacağını soruşanda, narahat olmamağımı və götürəcəyini dedi. Azər deyirdi ki, Fazil Mustafa dini tənqid edir, ona görə də onu öldürəcək. O, mənə onun haqda məlumat toplamağı tapşırmışdı. Daha sonra başa düşdüm ki, Azər mənə verdiyi silahla Fazil Mustafanı vurmaq istəyirmiş”, - müttəhim deyib.

R.Əhmədov istintaqa ifadəsində onu da qeyd edib ki, İranda Valeh adında dostu yaşayır. Suriyada müharibə başlayanda ora döyüşməyə gedib və daha sonra Azərbaycana qayıtmayıb:
“Valehlə əlaqəmiz hələ də mövcud idi. O, Suriyaya gedəndə mənə də təklif etsə də, getmədim. İrana gedəndə 4-5 dəfə onunla görüşmüşdüm. Sonuncu görüşümüzdə ona Azər barədə danışdım. Valeh bunu xoş qarşıladı. Dedi ki, Azər Fazili öldürsə, dəstək verəcək və Azəri İranda yaşamağa kömək edəcək. Bu məqsədlə mənə 30 min dollar da pul verdi. Bundan başqa Valeh məndən Səngəçalda və Qaradağda olan hərbi obyektlərin fotosunu çəkməyimi və İrana gedəndə ona verməyimi istədi. İrana getmək üçün xərcləri qarşılamağa görə iki min dollar pul verdi”.

Müttəhim vurğulayıb ki, Bakıya gələndə Azər Səricanovla görüşüb. Azərə Valehlə olan görüşündən danışıb, həmçinin görüş zamanı Azər ona Fazil Mustaya sui-qəsd üçün 30 min dollar pulun az olduğunu deyib.

Qeyd edək ki, hadisə ötən il martın 28-də baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi