"Dəmirbank"ın sabiq filial rəhbərinin məhkəməsində zərərçəkmişlər dindirilib

"Dəmirbank"ın sabiq filial rəhbərinin məhkəməsində zərərçəkmişlər dindirilib Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dəmirbank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
11 Yanvar , 2018 17:38
Dəmirbankın sabiq filial rəhbərinin məhkəməsində zərərçəkmişlər dindirilib
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əzizə Axundova ifadə verib.

O qeyd edib ki, təqsirləndirilən F.Rəşadətlinin qohumudur. Zərərçəkmiş bankdan şikayətçi olduğunu deyib: "Əvvəl 400 min əmanət qoyduq, ümumi 1 milyon 115 min manat idi. 2015-ci ilin aprelində dollara çevirdik, oktyabr ayına kimi faizi aldım. Müqaviləni Fərəh xanımla bağladıq, qohumumuz idi deyə onu seçdik. Onun bacısı bizim gəlinimizdir".

Ə.Axundova bildirib ki, bir müddət keçəndən sonra F.Rəşadətli bankda problem yarandığını deyib: "Pulumuzu götürmək istədik, o da uzandı. Biz də bankdan şikayət etdik, rəhbərlik də işi Fərəh xanımın üstünə atdı. Mən Fərəh xanımdan şikayət etməmişəm. 2014-cü ildə qoyduğum 250 min manatın faizini ayda 3 mindən çox olaraq 2015-ci ilin oktyabrına kimi almışam. Qalan pulun isə faizini almamışam, çünki bildirilmişdi ki, yığılıb pulun üstünə gəlsin. Pulumu da Fərəh xanımdan yox, bankdan tələb edirəm".

F.Rəşadətli Ə.Axundovanın yalan danışdığını söyləyib. Bildirib ki, 2012-ci ildə banka qoyduqları pulun faizini 2015-ci ilin dekabr ayına kimi alıblar. Amma Əzizə xanım heç vaxt bizim filialda olmayıb, mənə əlbəəl pul verməyib. Onun pulu məndə deyil".

Daha sonra zərərçəkmiş Tural Axundov ifadə verib. O, F.Rəşadətlini tələbə vaxtlarından tanıdığını, sonralar isə qohum olduqlarını qeyd edib: "2011-ci ildə 85 min manat pul qoydum. O bizə demişdi ki, qoyduğumuz pulları faizi ilə birlikdə sonda alacağıq. Vaxtımız gələndə istədik, vaxtı uzatdı, şikayət etdik. Atamı bankın sədri özü çağırıb danışdı".

İttihama əsasən, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Prosesdə "DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib. 

Son xəbərlər

Orphus sistemi