"Dəmirbank"ın sabiq filial rəhbərinin məhkəməsində şahidlər dindiriliblər

"Dəmirbank"ın sabiq filial rəhbərinin məhkəməsində şahidlər dindiriliblər Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dəmirbank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
1 Fevral , 2018 14:46
Dəmirbankın sabiq filial rəhbərinin məhkəməsində şahidlər dindiriliblər
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Dəmirbank"da əməliyyatçı işləmiş Könül Məmmədova dindirilib.

O, ifadə verərkən əmanətlərin qoyulması ilə bağlı proseduru izah edib. Şahid bildirib ki, müştərilər banka müraciət edir, sənədləşmə aparılır: "Sonra müştəri kassaya ödəniş edərək, əmanəti qoyur və kassadan verilən sənəd əsasında müqavilə imzalanır. Hər şey sistem üzrə aparıldığı üçün biz qaydaları poza bilməzdik".

Təqsirləndirilən F.Rəşadətli isə qeyd edib ki, zərərçəkmişlər - Axundovlarla bağlanılan müqavilələrdən işçilərin xəbəri olmayıb.

Daha sonra şahid qismində bankın mühasibi Rövşən Quliyev dindirilib. Onun sözlərinə görə, işlədiyi dövrdə hər hansı qanun pozuntusu qeydə alınmayıb: "Rüstəm Qasımovla müqavilə imzalanan zaman manatla əmanətlərə 15 faiz qaydası var idi. Əmanətçilərin kitabçaları kassada saxlanılırdı. Kimsə pul çıxaranda bunu sistemdə də kitabçalara qeyd edirdik. Balansda hər şey aydın görsənirdi. Kitabçalar formal idi, əsas müqavilə idi. Ona görə də kitabçanı kim istəsə ona verirdik, zəruri bir sənəd deyildi".

Prosesdə şahid kimi F.Rəşadətlinin sürücüsü olmuş Elvin Kərimov ifadə verib. O söyləyib ki, istintaq dövründə zərərçəkmiş Ruslan Qasımovun epizodu üzrə dindirilib: "Ruslan demişdi ki, ona pul verilməyib. Amma mən Fərəh xanımla bir yerdə getmişik. Fərəh xanımın anası bükülü pulu Ruslana verdi, mən pulun özünü görmədim, amma dedilər 75 mindir. Mən özüm də Ruslana 3-4 dəfə pul aparıb vermişəm. Ruslan VTB bankda işləyirdi, orada verirdim. Amma pulun məbləğini bilmirdim".

Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək. 

Xatırladaq ki, ittihama əsasən, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Prosesdə "DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib.

Son xəbərlər

Orphus sistemi