Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəməsində şahid ifadə verib

    Məhkəmənin növbəti prosesi oktyabrın 26-na təyin edilib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid İlhamə Əhmədova ifadə verib.

    O, zərərçəkmiş Anarə Məmmədovanın təqsirləndirilən L.Əkbərovaya pul verdiyini görmədiyini deyib: "İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. And olsun ki, heç nə görməmişəm. Düzdü, onlarla birgə kafeyə gedib yemək yemişəm, amma Anarə ilə Leylanın nə danışdığını eşitməmişəm".

    Zərərçəkmiş Anarə Məmmədova bildirib ki, şahid İ.Əhmədova ona özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı kimi təqdim edib. İ.Əhmədova da ifadəsində həqiqətən DSMF-də işlədiyini vurğulayıb.

    Məhkəmənin növbəti prosesi oktyabrın 26-na təyin edilib.

    Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

    L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

    Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi