Yuxarı

Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmədə ifadə verib

O, özünü qismən təqsirli bildiyini deyib
Bakı. 6 oktyabr.REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət itthamçısı ittiham aktını elan edib.

F.Rzayev özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 20 min manatı Eyvaz Abbasovdan borc olaraq alıb: "Hövsanda quşçuluq ferması açmaq üçün həmin pulları Eyvazdan borc aldım. Quşlar isə qırıldı. Daha sonra 20 min manatı qaytarmışam, bütün zərəri ödəmişəm".

Daha sonra şahid Nazim İbrahimov dindirilib.

Zərərçəkmiş Eyvaz Abbasov da ifadə verib. Onun sözlərinə görə, oğlunu işə düzəltmək adı ilə F.Rzayeva 20 min manat pul verib: "Əvvəl 13 min manat pulu Fəxrəddin hissə-hissə geri qaytardı. 7 min manatın əvəzinə isə 12 sot torpaq verdi. Həmin torpağı da qardaşımın adına natariusda qeydiyyata saldırdıq. Bundan sonra gedib müstəntiqə yazılı ərizə yazdım ki, Fəxrəddin Rzayevdən şikayətçi deyiləm".

Məhkəmənin baxış iclası oktabrın 13-nə təyin edilib.

Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimo olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi