Yuxarı

​Dələduzluqda təqsirləndirilən iş adamı Ali Məhkəməyə müraciət edib

İclasda təqsirləndirilən şəxs ilkin qərardan kassasiya şikayəti verib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1950-ci il təvəllüdlü Vahid Əsgərxan oğlu Zərgərov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, iş adamı olan V.Zərgərov ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, Xətai rayonu ərazisində tikinti sənaye materiallarının satışı ilə məşğul olur. V.Zərgərov vətəndaşların etibarından sui-istifadə edərək, onları mal gətirmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsədiyi bildirilir.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə)maddəsi ilə ittiham olunub.

Bu il fevral ayının 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zərgərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Bəylər Məmişov apellyasiya şikayəti verib.

Xatırladaq ki, V.Zərgərov 2008-ci ildə də dələduzluqda təqsirli bilinərək Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi