Dələduzluqda təqsirləndirilən "Əməkdar müəllim" məhkəmədən vaxt istəyib

Dələduzluqda təqsirləndirilən "Əməkdar müəllim" məhkəmədən vaxt istəyib Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
29 Yanvar , 2018 13:17
Dələduzluqda təqsirləndirilən Əməkdar müəllim məhkəmədən vaxt istəyib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərə dəymiş zərərin ödənilmədiyi elan olunub.

N.Ağayeva dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib. O bildirib ki, vətəndaşlardan pulu alıb başqa şəxsə verib. Həmin şəxs də pulu qaytaracağını söyləyib.

Məhkəmə N.Ağayevaya sonuncu dəfə şans verib. 

Məhkəmənin növbəti prosesi fevralın 19-na təyin edilib.

Qeyd edək ki, ittihama aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Belə ki, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədi verib. Lakin N.Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.

Bundan başqa, N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Zərəçəkmiş R.Həsənov məhkəmədə dindirilərkən söyləyib ki, N.Ağayevaya əvvəlcə 3 min, sonra isə 1000 manat pul verib: "Sonra məni aldatdı".

Təqsirləndirilən şəxs N.Ağayeva pulu aldığını təsdiq edib. O deyib ki, pulu verdiyi adam onu hədələyib və həmin şəxsin adını açıqlaya bilmir: "Özü də müəllimədir, yoldaşı isə polisdir. O mənə bildirdi ki, "adımı çəksən, özünü də, ailəni də ölmüş bil". Ona görə də adını çəkmək istəmirəm. Həmçinin pulu da qaytarmır".

Qeyd edək ki, N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, N.Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi