Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb Məhkəmə onun barəsində şərti cəza qərarı verib
Hadisə
16 Yanvar , 2017 10:27
Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Qədirlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Telman Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Qədirlinin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti cəzai ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Abşeron rayon sakini, 1956-cı il təvəllüdlü İradə Hüseyn qızı Qədirli Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan qonşularını ev tikmək və övladlarını kollecə qəbul etdirmək bəhanəsi ilə aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, keçmiş qonşusu Günay Surxay qızı Nurəliyevanın oğlu Elşən Nurəliyevi kollecə düzəltməyə söz verib və bunun üçün ondan 3600 manat pul alıb. Həmin məhəllədə yaşayan başqa bir qonşusu Ramidə Yusif qızı Əhmədovadan isə 26 min manat alan İ.Qədirli ona ev tikməyə söz verib.

Bundan başqa o, Anar Mirzəli oğlu Həmzəyevi də aldadıb. Belə ki, İ.Qədirli ona ev tikməsi üçün 11 min manat həvalə edib. Heydər Tofiq oğlu Muradov və Şura Bağır qızı Muradova da hər biri 51 min manat verərək İ.Qədirlinin onlara ev tikəcəyini gözləyib.

Daha sonra aldadıldıqlarını anlayan şəxslər polisə müraciət ediblər. Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb və İ.Qədirli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qədirli 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi