Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır.
Bundan başqa polis əməkdaşları ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda-taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.
Davam etdirilən tədbirlər nəticəsində 26 sürücü barəsində protokol tərtib edilib.