“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının məhkəməsində qonşusu dindirilib

“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının məhkəməsində qonşusu dindirilib Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 Dekabr , 2018 15:39
“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının məhkəməsində qonşusu dindirilib
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin qonşusu olmuş Mirzə Səfərov ifadə verib.

O bildirib ki, əvvəllər psixotrop maddələr qəbul edib, Ş.Səmədovadan heç vaxt narkotik maddə almayıb.

Şahid qeyd edib ki, Ş.Səmədovaya müəyyən qədər borcu olub, sonra ondan yenə 10 manat pul istəyib: "Şəms də borcumu qaytarmasan, pul verməyəcəyini dedi. Buna görə də telefonumu girov qoyub borca pul götürdüm. Yalnız bununla bağlı istintaqda ifadə vermişəm. Şəmsin narkotik maddə satdığından isə xəbərim olmayıb".

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üzə çıxıb. Buna görə də hakim onun istintaqa verdiyi ifadəsini elan edib.

M.Səfərov istintaqa ifadəsində söyləyib ki, Ş.Səmədova ilə qonşu kimi normal münasibətləri olub, onu narkotik alverçisi kimi tanıyıb. Ayrı-ayrı vaxtlarda ondan bükümü 10 manata olmaqla narkotik maddə olan heroin alıb. Martın 27-də yenə narkotik maddə almaq üçün Ş.Səmədovanın yaşadığı mənzilə gəlib. Ancaq cibində 6 manat olduğu üçün qadın ona narkotik maddə satmaqdan imtina edib. Belə olan halda M.Səfərov borclu qalacağı 4 manat üçün telefonunu girov qoymağı təklif edib, Ş.Səmədova da bununla razılaşıb.

Məlum olub ki, Ş.Səmədova həbs edilərkən yaşadığı mənzilə baxış zamanı M.Səfərova məxsus mobil telefon aşkar edilib. Buna görə də istintaq orqanı M.Səfərovu şahid qismində tanıyıb.

M.Səfərov istintaqdakı ifadəsini qismən təsdiq edib.

Təqsirləndirilən Ş.Səmədova şahidin ifadəsinə etiraz edib. O, qonşusuna narkotik maddə satmadığını, M.Səfərovun ona borcu olduğu üçün telefon verdiyini bildirib.

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.

Xatırladaq ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev, nənəsi Məsmə Quliyeva və bacısı Lamiyə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi