Təqsirləndirilən: "Dayım Akif Çovdarovla 80 min manata razılaşdı" - YENİLƏNİB

Təqsirləndirilən: "Dayım Akif Çovdarovla 80 min manata razılaşdı" - YENİLƏNİB Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib
Hadisə
18 Yanvar , 2017 18:39
Təqsirləndirilən: Dayım Akif Çovdarovla 80 min manata razılaşdı - YENİLƏNİB

İlk xəbər saat 15:33-də verilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin sabiq kiçik inspektoru Neman Kərimov ifadə verib.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, zərərçəkmiş məhkəmədə müvəkkilinin adını çəkib: "Zərərçəkmiş ifadəsində qeyd etdi ki, onu MTN əməkdaşları nazirliyə aparanda orada Akif Çovdarovu görüb. Bu işlərdən müvəkkilimin xəbərinin olduğunu söylədi. Lakin o, istintaqa verdiyi ifadəsində bu barədə heç nə deməyib. Biz onun istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunmasını tələb edəcəyik".

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş N.Kərimov hakim, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və vəkillərin suallarını cavablandırıb.

Daha sonra zərərçəkmişin istintaqa verdiyi ifadəsi elan olunub. N.Abbasov hər iki ifadəsini təsdiq etdiyini deyib.

O, sualları cavablandırarkən MTN-də döyüldüyünü söyləyib: "Məndən 250 min manat pul istədilər. Daha sonra dayım Zakirə zəng vurdum. O, MTN-ə gəlib Akif Çovdarovla 80 min manata razılaşdı".

A.Çovdarov isə qeyd edib ki, N.Kərimovun dayısı Zakir Mövsumov dostunun tanışı olub: "Həmin şəxs məndən xahiş etdi ki, Zakirə köməklik edim. Mən də Zakirlə nazirlikdə görüşdük və orada pul barədə söhbət olmayıb, hamısı yalandır".

Vəkil S.Rəsulov bildirib ki, N.Kərimovun ifadələri arasında ziddiyyətlər olub.

İclasda zərərçəkmiş Elvin Mövsümov da dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi