Yuxarı

"Çudo Peçka”nın sahibinin məhkəməsində şahidlər dindirilib - YENİLƏNİB

"Çudo Peçka”nın sahibinin məhkəməsində şahidlər dindirilib - YENİLƏNİB
Çingiz Cəlilovun razılığı olmadan onun hesabından pul köçürülə bilməzdi

Bakı. 15 fevral. REPORT.AZ/ "Report"un xəbərinə görə, prosesin davamında şahid qismində ifadə verən Elsevər Ələkbərov söyləyib ki, 2007-ci ildə Nizami rayonunda yerləşən şəxsi obyektini "Çudo Peçka" MMC-yə icarəyə verib: "Həmin yerdə şirkətin mağazası 9 ay fəaliyyət göstərdi".

Digər şahid Səbuhi Əbilov isə 2008-ci ildən "Çudo Peçka" MMC-də mühasib işlədiyini, adına kredit götürülmədiyini söyləyib: "2011-ci ildə "Çudo Peçka" MMC "Beyker" şirkətinə təhvil veriləndə də orada mühasib kimi çalışmışam".

Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.


*** 16:21

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb.

O bildirib ki, cinayət işi ilə bağlı olmayan şəxslər istintaq dövründə şahid qismində dindirilib: "Həmin şəxslər 2011-ci ildən əvvəl "Çudo Peçka" MMC-nin icarəyə götürdüyü mağazların sahibləri olub. Məhkəmədən xahiş edirəm həmin şəxslərin - İbrahim Qədimov, Duman Abbasov, Məhərrəm Bəykişiyev və digərlərinin adları şahidlər siyahısından çıxarılsın. Çünkü bu adamların bankdan kredit götürülməsi ilə bağlı heç bir əlaqəsi yoxdur".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra şahid qismində Leyla Abbasova dindirilib. O, "Bank Standard"ın sabiq əməkdaşı, hazırda isə "Paşa Bank"da filial müdiri vəzifəsində çalışdığını deyib: "Çingiz Cəlilov heç vaxt bizim yanımıza gəlməyib, həmişə Səlim Krimanın otağında olub. Sənədləri də biz ora aparırdıq. Bankın sistemində "provotka"nı işləmişəm. Çingiz müəllimin sürücüsü Aftandilin adına bankdan köçürülən 2 milyon 400 min manat pulla bağlı Çingiz Cəlilovun razılıq ərizəsinin yoxa çıxması barədə məlumatım yoxdur. Bu mənə də maraqlıdır. Çingiz Cəlilovun razılığı olmadan onun hesabından pul Aftandilin adına köçürülə bilməzdi".

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi