“Çudo Peçka”nın sahibinin məhkəməsində daha bir şahid ifadə verib - YENİLƏNİB

“Çudo Peçka”nın sahibinin məhkəməsində daha bir şahid ifadə verib - YENİLƏNİB Bakı. 26 aprel. REPORT.AZ/ Reportun xəbərinə görə, daha sonra şahid Elgün Səfərov söyləyib ki, 2007-ci ildən 2012-ci ilə qədər bankla Çingiz Cəlilov arasında 3 müqavilə bağlanılıb: Lakin 3 milyon 900 min manat çatışmazlıq olub.
Hadisə
26 Aprel , 2018 16:43
“Çudo Peçka”nın sahibinin məhkəməsində daha bir şahid ifadə verib - YENİLƏNİB

Bakı. 26 aprel. REPORT.AZ/ "Report"un xəbərinə görə, daha sonra şahid Elgün Səfərov söyləyib ki, 2007-ci ildən 2012-ci ilə qədər bankla Çingiz Cəlilov arasında 3 müqavilə bağlanılıb: "Lakin 3 milyon 900 min manat çatışmazlıq olub".

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova deyib ki, 2012-ci ildən sonra bağlanmış müqvilələrin müvəkkili Ç.Cəlilova aidiyyəti yoxdur.

Məhkəmənin növbəti iclası mayın 3-nə təyin edilib.


*** 15:17

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə “Bank Standard” QSC Kommersiya Bankının eksperti Elgün Səfərov şahid qismində ifadə verib.

O bildirib ki, bankla Ç.Cəlilov arasında 2007-ci ildən müqavilə bağlanılıb.

Şahid qeyd edib ki, bankda kreditlərlə bağlı ekspert rəyi hazırlayıb: "Rəyə əsasən, 13 milyon 962 min manat çatışmazlıq olub. Həmin bu məbləğ də təqsirləndirilən şəxsə aidir".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi