Çelyabinskdə tutulan azərbaycanlıların hamısı buraxılıb

Çelyabinskdə tutulan azərbaycanlıların hamısı buraxılıb Polislər yas mərasiminin təşkilatçılarından üzr istəyib
Hadisə
12 Sentyabr , 2017 14:45
Çelyabinskdə tutulan azərbaycanlıların hamısı buraxılıb
Report

Moskva. 12 sentyabr. REPORT.AZ / "Azərbaycan diasporunun daxilində təxribatlar təşkil etməyə çalışırlar."

Bu barədə "Report"un Rusiya bürosuna Çelyabinsk vilayətinin Azərbaycan diasporunun lideri, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafail Quliyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 10-da Azərbaycan diasporunun nümayəndələri "Bakinskiy dvorik" restoranında iki gün əvvəl qətlə yetirilən kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin yas mərasiminə toplanıblar.

"Birdən tədbirə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və havaya boş patronlarla atəş açıblar, sonra bütün azərbaycanlıları toplayıb bölməyə aparıblar", - R. Quliyev bildirib.

Diaspor rəhbəri əlavə edib ki, sonra Çelyabinsk Daxili İşlər İdarəsinin rəhbərliyi ilə görüş keçirilərək vəziyyətə aydınlıq gətirilib.

"Məsələ burasındadır ki, həmin gün Çelyabinskdə "Şəhər Günü" qeyd edilirdi və hüquq-mühafizə orqanları istənilən qanun pozuntularının qarşısını almağa göstəriş alıb. Hansısa azərbaycanlı polislərə bildirib ki, "Bakinskiy dvorik"də diaspor nümayəndələri yığışıb və onların arasında qətlə yetirilənin və qatilin qohumları var. Beləliklə, polislər mümkün "qan davasının" qarşısını almaq qərarına gəldi. Əslində isə Ramil Canıyevin atası və qohumları dərd içindədir və hansısa "qan intiqamı" haqqında heç düşünmürlər", - R. Quliyev bildirib.

O həmçinin qeyd edib ki, saxlanılan şəxslər həmin gün buraxılıb, polislər isə yas mərasiminin təşkilatçılarından üzr istəyib.

Xatırladaq ki, sentyabrın 8-də naməlum şəxs Çelyabinskdə yaşayış evinin həyətində vilayətin Azərbaycan diasporunun fəal nümayəndəsi, kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin baş nahiyəsinə atəş açıb. O, xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi