Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakini A.Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.