Cəlilabadda yol qəzasında xəsarət alanlardan biri Bakıdakı xəstəxanaya köçürülüb - YENİLƏNİB-3
- 14 dekabr, 2023
- 15:55
Bu gün Cəlilabad rayonunda baş verən ağır yol qəzasında xəsarət alan Mehrac Qəhrəmanov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə təxliyə edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, onun durumu ağırdır.
14:28
Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alan 3 nəfərin (1 kişi, 2 qadın) vəziyyəti orta ağır, 2 nəfərin (kişi cinsli) durumu isə kritik ağır olaraq qiymətləndirilir.
Bu barədə "Report"un yerli bürosuna TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, dekabrın 14-də saat 10:00 radələrində Cəlilabad rayonunda baş verən qəza ilə əlaqədar 5 nəfər (3 kişi, 2 qadın olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
"Onlara müxtəlif nahiyələrin küt travması, daxili qanaxma, kəllə sümüklərinin açıq sınığı və qarın boşluğu orqanlarının zədələnməsi diaqnozları qoyulub", - qurumdan bildirilib.
12:34
Cəlilabadda ağır yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, ölən şəxs Biləsuvar rayonu Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğludur.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanovdur.
Yaralılardan ikisinin vəziyyəti kritik ağırdır.
10:16
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, iki minik avtomobili toqquşub.
İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Yaralılar xəstəxanaya çatdırılır.
Faktla bağlı araşdırma aparılır.