Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə əlaqədar daxili işlər orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satış üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6 020 fakt aşkar olunub.
Onlardan 2094 satış, 3493 saxlama, 375 əkin, 58 digər hallar təşkil edib.
Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), prekursorlar üzrə güclü təsir edən maddələr 9 kq artıq, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.
Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3 611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.
"DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır", - Mətbuat xidmətindən bildirilib.