Bu il Almaniyadan deportasiya olunan 6 azərbaycanlı özünə xəsarət yetirib

Bu il Almaniyadan deportasiya olunan 6 azərbaycanlı özünə xəsarət yetirib Almaniyada pandemiya dövründə həyata keçirilən deportasiya prosesləri zamanı intihara cəhd etmək istəyənlər olub.
Hadisə
14 İyun , 2021 11:18
Bu il Almaniyadan deportasiya olunan 6 azərbaycanlı özünə xəsarət yetirib

Almaniyada pandemiya dövründə həyata keçirilən deportasiya prosesləri zamanı intihara cəhd etmək istəyənlər olub.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, sığınacaq istəyi rədd edilən və Almaniyada müxtəlif cinayətlər törədərək barəsində ölkəsinə ekstradisiya qərarı olan şəxslər deportasiya prosesindən yayınmağa cəhd göstəriblər.

Nazirliyin məlumatına görə, onların arasında Azərbaycan vətəndaşları da olub. 2021-ci ilin ilk rübündə 6 Azərbaycan Respublikası vətəndaşı deportasiya prosesindən yayınmaq üçün özünə kəsici alətlə xəsarət yetirib. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və beləliklə deportasiya prosesindən bir müddət yayınmağa nail olublar. Dördünə isə hadisə zamanı dərhal müdaxilə edilib və onlar Azərbaycana göndəriliblər.

Nazirlik məlumatında vurğulayıb ki, deportasiya prosesindən yayınmaq üçün yaşadığı ünvanı tərk edən Azərbaycan vətəndaşlarından 12-si saxlanılaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar ölkələrinə göndərilənə qədər hava limanları yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan təcridxanalara yerləşdiriliblər.

Nazirlik məlumatında sığınacaq istəyi rədd edilən və ölkədə qanunsuz yaşayan xarici ölkə vətəndaşlarının müxtəlif cinayətlər törətməyə meyilli olduqlarına da diqqət çəkib. Statistik məlumata görə, Almaniyada qanunsuz yaşayan şəxslər tərəfindən törədilən cinayətlərdə keçən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.

Almanyada fəaliyyət göstərən “Siyasi təhsil üçün Federal Mərkəz”in yayımladığı “Miqrasiya və Cinayət - Təcrübələr” hesabatına görə, Almaniyada barəsində deportasiya qərarı çıxarılan hər 10 nəfərdən biri özünə qəsd edir. Bunu nəzərə alan səlahiyyətlilər sığınacaq istəkləri ilə bağlı qərarları və deportasiya proseslərini daha sürətli həyata keçirməyə başlayıblar.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən “Report”a bildirilib ki, 2021-ci ilin may ayında 8 278 nəfər Almaniyadan sığınacaq tələb edib. Ümumilikdə sığınacaq istəyi ilə bağlı baxılan 2 301 işlə bağlı rədd cavabı verilib və həmin şəxslərə ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq göndərilib.

Son xəbərlər

Orphus sistemi