Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri elan olunub.
Zərərçəkmiş Salman Rəhimov deyib ki, Meşəliyə hücum edənlərin məqsədi kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi"..
O vurğulayıb ki, erməni silahlıları gecə vaxtı, insanlar yatdığı yerdə Meşəliyə hücum ediblər:
"Hadisə vaxtı mən və bacım ayağımızdan, çiynimizdən güllə yarası aldıq. Səsucaldıcı ilə hamımızı çölə çıxarıb, gülləbaran etdilər. Kəndimiz minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulurdu. Nənəm baş nahiyəsindən güllə yarası almışdı. Bu hadisələrdə daha çox Badara kəndinin sakinləri iştirak edirdilər. Bütün kəndi mühasirəyə alıb məhv etmək istəyirdilər. Hücum edənlərin başında elə Vaqif Xaçatryan dayanırdı. Daha sonra Valeriy, Armais, Ermes adında olan erməni hərbçilərin dəstəsi qəddarlıq edib. Məhkəmədən Vaqifin ən ağır cəza almasını tələb edirəm".
Digər zərərçəkmiş Niyazi İbadullayev isə bildirib ki, yaralıları kənddən çıxarmaq istəyəndə Vaqifin dəstəsi qohumlarını "UAZ" markalı avtomobildə güllələyiblər:
"Hadisə vaxtı mən kənddə olmamışam. Kəndin yuxarı hissəsində Şam bağı deyilən ərazidə qardaşım Nadir Babayev şəhid olub. Onu qətlə yetirən isə Vaqifin dəstəsi olub. Orda Armais və Ermes də olub"
Zərərçəkmiş Əli Behbudov deyib ki, Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi azərbaycanlılara zülm etdilər.
Onun sözlərinə görə, kənd camaatından bütün silahlar alınmışdı: "Ermənilər kənd sakinlərini qırdılar, talanlar edib, evlərə od vurdular. Vaqif Xaçatryan kəndimizin bütün yollarını gözəl tanıyırdı. Kənddə hamı bir-biri ilə qohum idi. Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər. Əvvəldən Badara kəndi ilə münasibətlərimiz pisləşmişdi. Yolumuz onların kəndindən keçdiyi üçün bizi getməyə qoymurdular, çətinliklər yaradırdılar. Vaqifin dəstəsi Meşəli soyqırımında qəddarlığı ilə seçilirdi".
V.Xaçatryan zərərçəkmişin ifadəsinə münasibət bildirərək həmin hadisələrdə iştirak etmədiyini deyib.
V.Xaçatryan: Siz deyirsiniz ki, güllə yağış kimi yağırdı. Bəs mənə o güllə yağışından niyə bir güllə dəymədi?
Zərərçəkmiş: Bir gün əvvəldən kənddən bütün silahları yığmışdılar. Siz bizi güllə yağışına tuturdunuz. Təbii ki, güllə yarası ala bilməzsən.
Zərərçəkmiş Nadir Əkbərov söyləyib ki, ermənilər Meşəlini hər tərəfdən mühasirəyə alıb, səsucaldıcı ilə çağırış edirdilər: "Bizi aldadıb çölə çıxarıb qırdılar".
Onun sözlərinə görə, həmin hücumda Badara kəndindən olan şəxslər iştirak edib:
"Ermənilər səsucaldıcı ilə camaatı çölə çıxardıb qətllər törətdilər. Bizim kəndin qatili Vaqif Xaçatryandır. Şəxsi münasibətim olmasa da onu gözəl tanıyıram. Mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Mənim anamı, atamı Vaqif qətlə yetirdi. Vitali Balasanyanla əsir dəyişirdilər. Vaqif Xocalı soyqırımında da amansız qətllər törədib. Vaqif girovları işgəncə verib öldürürdü. Bizim kəndin sakinlərini uşaq, qoca, qadın demədən məhv etdilər".
Prosesdə zərərçəkmiş Əli Mehrəliyevin ifadəsi elan olunub. O istintaqa ifadəsində bildirib ki, gözünün qarşısında iki qadının meyitini yandırdılar.
O, qeyd edib ki, kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb: "Kəndin bir neçə sakininin qətlə yetirilməsinin şahidi olmuşam. Gözümün qarşısında qətlə yetirdikləri iki qadının meyitini yandırdılar. Atamın meyitini dəfn etdikdən sonra çox əziyyətli günlər yaşadıq. Kənddən çıxanda əliyalın idik".
Zərərçəkmiş Sədaqət İsmayılova isə istintaqa verdiyi ifadəsində deyib ki, Qarabağ müharibəsi başlayanda həyat yoldaşı Tahir könüllü şəkildə döyüşlərə qatılıb: "Mənə zəng edib dedilər ki, yoldaşın şəhid olub. Daha sonra məlum oldu ki, Tahir Meşəli soyqırımı zamanı öldürülüb. Həmin gün ermənilər evlərimizə od vurub yandırmışdılar".
Qeyd edək ki, hər iki zərərçəkmiş üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərinə görə onların ifadələri elan olunub.
Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.
"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.