“Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının məhkəməsində zərərçəkmiş dindirilib

“Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının məhkəməsində zərərçəkmiş dindirilib "Mənə zəng elədi ki, sizinlə bağlı video var"
Hadisə
30 Yanvar , 2018 11:27
“Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının məhkəməsində zərərçəkmiş dindirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiç Sərdar Əhmədov ifadə verib. O, Bərdə Suvarma Sistemləri İdarəsində çalışdığını deyib. S.Əhmədov heç bir şikayət və tələbinin olmadığını söyləyib. O qeyd edib ki, 3-4 il əvvəl təqsirləndirilən H.Nəcəfli ona zəng edərək qəzetin çapına kömək etməsini istəyib: "Mən ona indi yox, sonra kömək edə biləcəyimi dedim. Bir neçə ay sonra işçimiz poçtla pul göndərdi. Birinci dəfə 100 manat, sonra da əlavə pul verdik".

Zərərçəkmişin sözlərinə görə, həmin qəzetdən şantaj xarakterli zənglər də gəlib və barələrində yazı yazılacağı deyilib. Prokurorun suallarını cavablandıran S.Əhmədov söyləyib ki, S.Əliyev də ona zəng edib: "Zəng edirdilər ki, "sizinlə bağlı bizə məlumat daxil olub, əgər pul versəniz, yazı yazılmayacaq". Məndən 1000 manat istəyirdilər. Amma mən də bunu verməyə imkanımın olnadığını dedim. Çox zəngdən sonra 100 manat Hikmətə pul verdim".

Digər zərərçəkmiş Müşfiq Hüseynov ifadəsində vurğulayıb ki, bir neçə il əvvəl Yasamal Rayon Polis İdsrəsində çalışıb. O bildirib ki, polisdə tağım komandiri olan zaman Azərbaycan Nəşriyyatının ərazisində xidmət edib: "Bir gün Hikmət mənə zəng elədi ki, sizinlə bağlı video var. Mənim işçim onlarla görüşüb, razılaşdı. Sonra qəzetdə yazı çıxdı. Mən nəşriyyata gedib, Surxayla görüşdüm. Orada söhbətdə diski qırdılar ki, söhbət də bağlandı".

Məhkəmə bu epizodun qapalı keçirilməsini qərara alıb.

Proses davam etdirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.

Son xəbərlər

Orphus sistemi