​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib

​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib Onlar maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər
Hadisə
12 İyul , 2016 17:28
​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkənlər İdris Xəlilov, Feyzulla Bağırov, Ədilə Zeynalova, Xanım Məmmədəliyeva, Mələk Hüseynova, Heyvagül Əfəndiyeva, Zöhrə Namətova ifadə verib.

İ.Xəlilov ifadəsində bildirib ki, hadisə günü evdə olublar: "Həmin binanın 6-cı mərtəbəsində yaşayırıq. Yanğın zamanı alov bütün binanı bürüdü. Çətinliklə aşağı düşüb, xilas olduq. Evimə ziyan dəyib. Dövlət mənəvi ziyana görə mənə 20 min manat kompensasiya ödəyib. Lakin sənədləşmədə 45 min manat kompensasiya veriləcəyi qeyd edilsə də, hələ də ödəmə baş tutmayıb. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm".

F.Bağırov isə yanğın nəticəsində qardaşı və bacısının yanaraq öldüyünü deyib: "Mən qonşu binada qalıram. Yanğın zamanı mənə zəng edib dedilər ki, qardaşıngilin yaşadığı ev yanır. Mənə qardaşım və bacımın mənzilinə çıxmağa icazə vermədilər. Daha sonra onların meyitini xəstəxananın morqunda tapdım. Məhkəmədən xahiş edirəm ki, bu işdə kimin günahgar olduğunu üzə çıxarsın və sübut etsin. Mən həmin şəxsdən 100 min manat təzminat tələb edəcəm".

Ə.Zeynalova yanğın zamanı evdə qohumu olan uşaqla yatdığını bildirib: "Hər yer tüstü idi, güclə aşağı düşdük".

X.Məmmədəliyeva hadisə zamanı işdə olduğunu qeyd edib: "İşdəydim, tanışım şəxs zəng edib evimizin yandığını bildirdi. Həmin gün evdə ərim, oğlum, qızım və xəstə qardaşım olub. Onlar zəngimə cavab vermədilər. Bir qədər sonra həyət yoldaşım mənə zəng edib binamızın yandığını dedi. Ümumiyyətlə, binanın üzlənməsində səliqəsiz iş görülmüşdü. Çöldə üzlənmənin yaxşı görünməsinə baxmayaq, içəridən bərbat günüdə idi". 

O, yanğın zamanı özünü atan şəxsi tanımadığını deyib: "Bir dəfə hadisədən əvvəl özü mənə kirayədə qaldığını demişdi".

Z.Namətova yanğın zamanı evdə anasının, qardaşının və azyaşlı oğlunun olduğunu deyib: "Hadisə yerinə gələndə qonşumuz Nurlanə anamgilin sağ olduğunu bildirdi. Həmin zamanı onların yanına getdim və sağ olduğunu gördüm. Evimizə 70 min manat ziyan dəyib. Əvvəllər salonda işləyirdim, hazırda işsizəm. Evimizə dəyən ziyanın ödənilməsini tələb edirəm".

M.Hüseynova ifadəsində deyib ki, yanğın baş verən zaman evdə olan iki nəvəsini liftlə aşağı göndərib: "Yanğın tez bir zamanda binanı bürüdü. Uşaqları liftlə göndərəndən sonra özüm aşağı pilləkənlə düşdüm. Şükür ki, hamımız sağ-salamat xilas olduq".

H.Əfəndiyeva evinə dəyən ziyanın 53 min 400 manat olduğunu bildirib.

Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi