Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib - YENİLƏNİB

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib - YENİLƏNİB Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək
Hadisə
14 İyul , 2016 17:38
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkənlər ifadə verib - YENİLƏNİB

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

"Report" xəbər verir ki, prosesdə zərərçəkən Zaur Mustafayev, xilasetmə işlər zamanı zərərçəkmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Mehdi Mənsimli, Rasim Ağayev ifadə verib.

FHN əməkdaşları hadisə baş verən günü gördüklərini danışaraq, həmkarlarının yanğın zamanı yol verdiyi səhlənkarlıqlara bağlı səsləndirilən iddiaları cavab veriblər. Onlar iddiaları rədd ediblər.

Onlar öhdələrinə düşəni yerinə yetirdiklərini, su borularının binadan düşən şüşələr nəticəsində deşildiyini və susuz yanğınsöndürən maşın olmadığını deyiblər.

Z.Mustafayev bildirib ki, yanğın zamanı özünü binadan atan Yaşar Nəcəfova evini kirayə veribmiş: "Mən mənzili ona kirayəyə vermişdim. Özüm Xırdalanda qalırdım. Mən onu normal insan kimi tanıyırdım. Heç bir problem yox idi. Marketdə administrator işləyirdi. Telefonla danışırdıq. Nəsə evlə bağlı problem olanda zəng edirdi. Biz evə baxanda dəhşətə gəldik. Qızdırıcılar belə ərimişdi. Onun yerinə mən də olsa idim özümü aşağı atardım. Mən onun hərəkətlərində heç bir problem, fərqlilik görməmişəm".

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək

*** 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkənlər Təyyar Cavadov, onun həyat yoldaşı Rəsmiyyə Mustafayeva, Səbinə Manafova, Nurlana Həbibova, İlqar Vahabov, Naibə Mahmudova, Ərəstun Nemətov, Zəhra Babayeva, Elmira Bağırova, Rəna Əhmədova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xətai Şahverdiyev ifadə verib.

T.Cavadov bildirib ki, hadisə zamanı evlərində qızı və 9 aylıq nəvəsi olub: "İmtahanda idim, qızım zəng edib binanın yandığını dedi. Mən binanın qabağına çatanda onları hələ də evdən çıxartmamışdırlar. Hər ikisi təxliyyə olunandan sonra nəvəm xəstəxanada dünyasını dəyişdi. Evimə 74 min manat ziyan dəyib. Mən baş verən hadisəyə görə cavabdeh şəxslərdən 100 min manat təzminat tələb edirəm".

S.Manafova yanğın zamanı anası Elmira Manafovanın evdə olduğunu, sonra qoşularının köməyi ilə evdən sağ-salamat çıxdığını deyib. O, hadisə baş verən gün binanın yanında zibilin olmasını görmədiyini vurğulayıb.

Zərərçəkən İ.Vahabov isə bildirib ki, hadisə zamanı evdə həyat yoldaşı Aysel Vahabova tək olub: "Saat 11:00 radələrində həyat yoldaşım zəng edib yanğının baş verdiyini dedi. Tez ora gəldim, lakin Ayseli orada tapa bilmədim. Birdən ağlıma gəldi ki, uşaqlar məktəbdədirlər. Məktəbə gedəndə həyat yoldaşım və uşaqların ağladığını gördüm".

O, qeyd edib ki, evinə 30 min ziyan dəyib: "Hadisədən sonra yuxarı - 9-cu mərtəbəyə qalxıb evdə olan pul və qızıllarımızı götürdük. Onlar yanmamışdırlar". 

N.Mahmudova yanğın zamanı evdə baldızıoğlu ilə birgə olduğunu və 8-ci mərtəbədən pilləkanlarla aşağı endiklərini deyib: "Evə tüstü doldu, pəncərədən aşağı baxanda iki topa formasında kağızların yandığını gördüm. Daha sonra baldızımoğlu ilə evdən çıxdıq".

Ə.Nemətov deyib ki, yanğın zamanı evdə həyat yoldaşı, oğlu və nəvəsi olub: "Yanğın zamanı liftlə yuxarı qalxım və onları çağırdım. Həyat yoldaşım qucağında nəvəsi ilə birgə ağlayırdı. Tez onları liftlə aşağı düşürdüm. Tüstüdən halımız çox pisləşmişdi". 

Yanğında dünyasını dəyişən 2 yaşlı Ayxan Hüseynlinin nənəsi Z.Babyeva ifadəsində bildirib ki, evdə nəvəsi ilə onun dayəsi olub. O, qızının yenidən ana olduğuna görə məhkəməyə gələ bilmədiyini deyib: "Qızımgil bizdə müvəqqəti qalırdı. Biz hamımız işdə olmuşuq. Hadisə haqda rəfiqəm mənə deyəndən sonra ora getdim. Dayə ilə əvvəl danışdım. Sonra onunla əlaqə kəsildi. Qızım və oğlum da hadisə yerinə gəldilər. Biz Fövqəladə Hallar Nazirliyinin işçilərinə yalvarırdıq ki, kranla qalxsınlar. Kran yalnız 5-ci mərtəbəyə qədər qalxdı. Həmin işçilərin heç birində maska yox idi. Daha sonra vəzifəli şəxslərə yalvardım. Bir az aralıda onların "yanğından sonra yuxarı çıxarıq" sözünü eşitdim. FHN-nin helikopterləri yanan binaya deyil, bizim başımıza su tökürdülər. FHN işçilərinin oturub siqaret çəkdiyini gördüm. Saat 14:00 radələrində başqa kran gəldi. Sonra nəvəmi aşağı düşürdüb, təəcili tibbi yardım maşınına qoydular. Ona iynəni köynəyinin üzərindən vurmuşdular. Sonra 1 saylı Kliniki Tibbi Mərkəzə getdik. Siyahıda Ayxanın adının üzərindən xətt çəkilmişdi. Bundan sonra onun meyitini başqa xəstəxananın morqunda tapdıq. Həkim onun dəm qazından öldüyü barədə rəyini verib. Axı orada dəm qazı var idi?!" 

X.Şahverdiyev yanğın nəticəsində bir nəfəri xilas edərkən qolundan xəsarət aldığını deyib: "Həmin şəxsə öz paltarımı geyindirib aşağı düşməyinə kömək etdim. 5-ci mərtəbədə halım pisləşdi. Qolumu şüşə kəsdi, həm də tüstüdən zəhərlənmişdim".

Məhkəmə prosesi günü ikinci yarısına qədər fasiləyə yollanıb.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi