Yuxarı

​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: "Şəklimi ölənlərin siyahısına vurmuşdular..."

FHN əməkdaşları da ifadə verib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmiş şəxslər - Nigar Hüseynova, Lalə Hacıyeva, Heyzəngül Hidayətova, Qurban Əliyev, Məmməd İbadov, Rəhilə Ələkbərova, Denis Cavadov, Xudat Nəbiyev, Əsəd Hüseynli, Anar Şirinov, Gündüz Sadıqov ifadə verib.

N.Hüseynova hadisə zamanı oğlunun öldüyünü deyib: "Binanı yandırdılar, övladım öldü".

O, təqsirləndirilən şəxslərin müdafiəçilərinin suallarına cavab verməkdən imtina edib.

L.Hacıyeva bildirib ki, zərərçəkmişlər siyahısında adı olan atası bir ay əvvəl dünyasını dəyişib. O, ziyanı kimdən tələb edəcəyini bilmədiyini vurğulayıb.

H.Hidayətova qeyd edib ki, yanğın zamanı qızı və nəvəsi ilə evdə olub: "Uşağın əlindən tutub aşağı düşərkən yıxıldıq. Tüstüdən heç bir yeri görmək mümükün deyildi. Daha sonra polislər bizi xilas etdilər. Binadan özünü atan Yaşar Nəcəfzadənin həmin anını gördüm, lakin hansı tərəfə düşdüyü yadımda deyil".

R.Ələkbərovanın sözlərinə görə, həmin binada yaşayan qardaşının evinə qonaq gəlib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olan, zərərçəkmiş Q.Əliyev 6-cı mərtəbədən bina sakinini xilas etdiyini deyib.

Digər FHN əməkdaşı isə bildirib ki, yanğın zamanı 2 azyaşlını binadan çıxarıb: "Həmin şəxsləri təxliyyə edərkən 1-ci mərtəbədə halım pisləşdi, hüşumu itirdim".

FHN-in Nəsimi rayon yanğınsöndürmə idarəsinin qərargah rəisinin müavini X.Nəbiyev qeyd edib ki, yanğın zamanı aşağıda rəhbərlik edən şəxslərdən biri olub: "Hadisə zamanı ümumilikdə FHN-in 27 avtomobili və 115 yanğınsöndürən maşını orada olub. Nazirliyin bütün Bakı Qarnizonu yanğın baş verən əraziyə göndərilib. Yuxarıdan başıma şüşə düşdü. Başımda kaska olduğu üçün şüşə çiynimi kəsdi, xətəxanada 9 tikiş qoyulub".

FHN əməkdaşı olan Ə.Hüseynli ifadəsində vurğulayıb ki, binanın 15-ci mərtəbəsində 3 qadın və 2 azyaşlı uşağı xilas edib: "Həmin zaman xilas etdiyim şəxslər sağ idi, lakin təcili tibbi yardım maşınında qadınlardan biri öldü. Mənim isə qolumu şüşə kəsdi".

Zərərçəkmiş A.Şirinov deyib ki, yanğın zamanı bacısı Zülfiyyə Şirinova, onun 2 övladı - Davud Eyvazov və Ülkər Eyvazova dünyasını dəyişib.

G.Sadıqov bildirib ki, hadisə zamanı onun şəklini ölən şəxslərin siyahısına vurublar: "Yanğın baş verəndə 2-ci mərtəbəyə qədər aşağı düşdüm, daha sonra polislər kömək etdilər. Halım pisləşdiyi üçün məni xəstəxanaya aparıblar. Mənim sağ olmağımdan evdəkilərin xəbəri olmayıb". 

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi