Yuxarı

Binəqədidə yanan binaya görə məhkəmə davam etdirilib: “Xaləddin İsgəndərov binanı üzləməyə materialımızın olub-olmamasını soruşdu” - YENİLƏNİB

Binəqədidə yanan binaya görə tutulan şəxsin ekspertiza rəyi açıqlanıb

*** 14:43

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Q.Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Hakimin sözlərinə Q.Novrozuvun səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib. Ə.Hacıyev bildirib ki, həmin xəstəliklər ağır kliniki gedişə malikdir və onun müalicəyə ehtiyacı var: "Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər".

Dövlət ittihamçısı çıxışında həbs qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac olmadığını deyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər qaldıraraq, məhkəmə prosesinin videoçəkilişinə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlığın təmin edilməsini istəyib.

Məhkəmə videoçəkiliş aparılması barədə vəsatəti təmin etməyib, digər vəsatətlər isə təmin olunub.

Daha sonra təqsirləndirilən M.Mahmudov ifadəsini davam edib. O, Binəqədi rayonu ərzisində yerləşən binanın yandırılması üçün uzun müddət öncədən plan qurulduğunu bildirib. M.Mahmudovun sözlərinə görə, yanğın başlayandan yarım saat sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçirərək onların ofisinə daxil olub.

Məhkəmə iclası zamanı təqsirləndirilən A.Məmmədovun səhhəti pisləşib. Bunun üçün məhkəməyə təcili tibbi yardım çağırılıb. Həmçinin digər təqsirləndirilən Q.Novruzovun da səhhətində problem yaranıb və prosesdə fasilə elan olunub.

Günün ikinci yarısında davam etdirilən prosesdə M.Mahmudov dövlət ittihamçısının suallarını cavablandırıb.

O, 2006-cı ildə "Global Constuction" MMC-ni Hüseynbala Əlizadə ilə birgə təsis etdiyini, baş direktor Vüqar Əliyevin vasitəsilə şirkətin işi ilə tanış olurduqlarını bildirib. M.Mahmudovun sözlərinə görə, 9 ildə heç bir hadisə baş vermədən öz işini həyata keçiriblər: "Lakin Hüseynbala Əlizadə ilə maliyyə səhvlərinə görə aramızda narazılıq yaranmağa başladı. Binəqədidə olan yanğın hadisəsindın bir həftə əvvəl o, şirkət rəhbərliyindən getdi. İstehsal olunan materialların tərkibinə kimyəvi qatqı əlavə etmək mümkün deyil".

O bildirib ki, ibtidai istintaq zamanı psixoloji təzyiqlə üzləşib, vəkillə təmin edilməyib.

M.Mahmudov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla münasibətləri normal olduğunu deyib: "Xaləddin müəllimin yanında olarkən məndən binanı üzləməyə materialımızın olub-olmamasını soruşdu. Mən də bu işi görə biləcəyimizi ona çatdırdım. Bundan sonra Xaləddin müəllim onun birinci müavini Qəzənfər Novruzovu çağırıb, mənimlə tanış edib. O, mənə işlə bağlı İlqar müəllimn zəng edib, görüşəcəyini vurğuladı".

Məhkəmənin növbəti prosesi oktyabrın 6-na təyin edilib.

Xatırladaq ki, Q.Novruzovun səhhətində ciddi problemlərin olması ilə əlaqədar onu təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar çıxarıb. Məhkəmə ekspertizanın rəyinin cavabına qədər qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi