Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Ə.Bünyatov özünü qismən təqsirli bilib.
O, sərbəst ifadəsində söyləyib ki, qonşusu Xaliq Nəsirov onu əvvəlcə təhqir edib: "Həyətdə köynəksiz oturmuşdum. Qonşuya traktor gəlmişdi. Tez maşınıma əyləşib, onun yanına getdim. Pəncərəni də yuxarıya qədər qaldırmışdım. Geri qayıdanda Xaliq maşının qabağına keçib məni saxlatdı. Köynəksiz olduğuma irad bildirib nalayiq söyüşlər söydü. Mən də maşını sürüb evə getdim və yağ kəsən bıçağı götürdüm, yenidən Xaliqin yanına gəldim. Çatan kimi də bıçaqla onu yaraladım".
Sualları cavablandıran Ə.Bünyatov qeyd edib ki, hadisədən bir neçə saat əvvəl pivə içib. O deyib ki, hadisədən sonra polislər gəlib, onu evdən aparıb: "Əməlimə görə peşmanam".
Daha sonra zərərçəkmiş X.Nəsirov dindirilib. O söyləyib ki, Ə.Bünyatov həyətə köynəksiz çıxdığı üçün ona irad bildirib: "Düzdü, maşınının qabağını saxladım. Əzizağaya da bir qardaş kimi dedim ki, "belə geyinmə, yol qırağıdır, qız-gəlin gedir". Sonra evə getdi və oğlu ilə geri qayıtdı. Oğlu Əzizağanın qolundan çəkirdi. Fikirləşdim ki, gəlsin, onunla yenə söhbət edək. Lakin gələn kimi məni bıçaqladı".
X.Nəsirov vurğulayıb ki, yaralı vəziyyətdə onu xəstəxanaya aparıblar, bir həftə orada müalicə olunub: "Mən sonra bildim ki, Əzizağanın qulağı ağır eşidir. Yəqin ki, ona görə mənim dediklərimi Əzizağa başa düşməyib".
Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.