Yuxarı
    Bağlamaq

    “Binə” yarmarkasının sahibinin qardaşını oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsində professor ifadə verib

    Prosesdə digər şahidlər də dindiriləcək

    Bakı. 24 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəstə üzvlərindən Mübariz Azayev ifadə verib.

    O, 1999-cu ildə törətdiyi əmələ görə 14 il həbs cəzası çəkdiyini və təqsirləndirilən şəxsi tanımadığını bildirib. M.Azayev oğurluq planını həbsdə planlaşdırmaqda ittiham olunduğunu söyləyib: "Uzun illər güləşlə məşul olmuşam. Həbsdən çıxandan sonra güləş müəllimi işləyirəm".

    Daha sonra şahid qismində Elxan Məmmədov dindirilib. O bildirib ki, adam oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkərək azadlığa çıxıb. E.Məmmədov da digər şahid kimi təqsirləndirilən M.Süleymanovu tanımadığını qeyd edib.

    Şahid qismində ifadə verən Nizami Qasımov da 5 il həbsxana həyatı yaşadığını söyləyib: "Nə mənim, nə də bu işə görə həbs edilən qardaşım Vidadi Qasımovun günahı var. Bu işdə adı keçən Yaşar Cəfərov qardaşımla dost olub. O, bir neçə gün qalmaq üçün qardaşımdan ev istəyib. Bundan sonra qardaşım Vidadi də mənim Keşlədə olan evimin yerini ona göstərib. Onlar da həmin evdə oğurlanan şəxsi saxlayıblar. Qardaşım və mənim bu işdən xəbərimiz yoxdur".

    Prosesdə şahid qismində Sahib Hüseynov dindirilib. O, hazırda Respublika Klinik Xəstəxanasında cərrah işlədiyini bildirib. Professor olan S.Hüseynov qeyd edib ki, 1999-cu ildə oğurlanan Tofiq Hüseynovun gizli saxlanıldığı evə gedərək, onu müalicə edib.

    Məhkəmədə məlum olub ki, adam oğurluğu işi üzrə S.Hüseynovun barəsində cinayət işi başlanılıb. Lakin sonradan bu işə xitam verilib.

    O, məhkəmədə verdiyi ifadəsi zamanı Tanrıverdi adlı həkim dostunun ona zəng edərək bir nəfər xəstə olduğunu və ona baxmasını xahiş etdiyini söyləyib: "Ona xəstənin xəstəxanaya gətirilməsinin vacib olduğunu dedim. Lakin o, həmin xəstənin xəstəxanalıq bir işi olmadığını qeyd etdi. Məni xəstənin qaldığı evə apardılar. Gecə olduğuna görə hər tərəf qaranlıq idi. Onun xəstəliyi ağır deyildi. Buna baxmayaraq məsləhət verdim ki, onu xəstəxanaya aparsınlar. Amma sonra onun xəstəxanaya aparılıb-aparılmadığını bilmədim. Həmin xəstə onun oğurlanması, işgəncə görməsi ilə bağlı mənə heç bir söz deməyib".

    Prosesdə digər şahidlər də dindiriləcək.

    Qedy edək ki, ittiham aktına əsasən, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

    Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

    Cinayət işində qeyd edilib ki, Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu V.Qasımov, Y.Cəfərov və T.Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri “VAZ- 2107” markalı maşında T.Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. T.Süleymanov “VAZ- 2107”-də olan Y.Cəfərova zəng edərək, T.Hüseynovun “Mercedes 230” markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsi Xəqani küçəsinin girəcəyində T.Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.

    Dəstə üzvləri T.Hüseynovun maşınını əhatəyə alıb. Y.Cəfərov əlində olan tapançanı onun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman T.Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı T.Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.

    Daha sonra T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.

    Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edib.

    Həmiçin dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyt zamanı həbs ediliblər.

    Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər şəxslər isə məhkəmənin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxslər həbs cəzalarını başa vurublar.

    Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi