Binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlərin aparılması təklif edilib
- 26 aprel, 2023
- 06:33
"Bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova "Seysmik Dayanıqlı Müasir Qurğular" (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
O, fevralın 6-da Türkiyədə baş verən zəlzələnin Azərbaycan xalqını və dövlətini də sarsıtdığını xatırladıb.
Rektor qardaş ölkədə təbii fəlakət nəticəsində baş verən zərərlərin aradan qaldırılması üçün Azərbaycanın da əlindən gələni etdiyini söyləyib.
G.Məmmədovanın sözlərinə görə, bu hadisələr Azərbaycan alimlərini yenidən düşünməyə sövq edib: "Yəni alimlər binaların və tikintinin keyfiyyətinin artırılmasını düşünməlidir. Bəzən nəzəriyyədəkilər praktikada özünü doğrultmur. Görünür nəzəriyyələrə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır".