Beşqat dünya çempionunun məhkəməsində ekspertizanın rəyi elan edilib

Beşqat dünya çempionunun məhkəməsində ekspertizanın rəyi elan edilib Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
4 İyun , 2019 12:48
Beşqat dünya çempionunun məhkəməsində ekspertizanın rəyi elan edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda ekspertizanın rəyi elan olub.

Rəydə zərərçəkmiş Bəhruz Dilbazinin xəsarətlərinin ağır olduğu göstərilib.

Ehram Məcidovun vəkili ekspertiza rəyinin ziddiyyətli olduğunu bildirib. Vəkil ekspertin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib.

Ekspertiza rəyinə münasibət bildirən E.Məcidov bunu sifariş adlandırıb. O bildirib ki, ekspertiza əvvəldən olduğu kimi indi də qərəzli rəy verib.

Dövlət ittihamçısı və Bəhruz Dilbazinin vəkilləri isə ekspertin məhkəməyə çağırılaraq dindirilməsinə ehtiyac olmadığını deyərək, bunun işin süni şəkildə uzadılmasına xidmət etdiyini bildiriblər.

Məhkəmə müşavirədən sonra Ehram Məcidovun vəkilinin vəsatətinin təmin edilmədiyini elan edib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə iclası iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi