Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Bərdə rayonunda xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb.
"Report" xəbər verir ki, bu addım nazirliyin icra etdiyi minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı ilə alay ərazilərin minalardan təmizlənməsi üçün qısa müddətdə ən müasir avadanlıq və cihazlarla təchiz edilib və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Eyni zamanda alayda xidmət edən əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edib, akkreditasiyadan keçiblər. Həmçinin minatəmizləmə əməliyyatlarına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunub.
İyulun 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bərdədə yeni yaradılmış xüsusi təyinatlı mexanikləşdirilmiş alayda olub. Nazir minatəmizləmə işlərində istifadə olunan avadanlıq və cihazlara baxış keçirib, alayda xidmət üçün yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda Fövqəladə Hallar Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birgə ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir.