Güclü külək və leysan yağışlar bir sıra rayonlarda fəsadlar törədib - FOTO - YENİLƏNİB

Güclü külək və leysan yağışlar bir sıra rayonlarda fəsadlar törədib - FOTO - YENİLƏNİB Güclü külək ağacları aşırdaraq elektrik və rabitə naqillərini sıradan çıxardıb
Hadisə
21 May , 2017 20:26
Güclü külək və leysan yağışlar bir sıra rayonlarda fəsadlar törədib - FOTO - YENİLƏNİB
Report.az

Şirvan. 21 may. REPORT.AZ/ Küləklə müşayiət olunan aramsız yağışlar Tərtər və Goranboyun bir sıra kəndlərində fəsadlara yol açıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, nəticədə Goranboy və Tərtərin bir sıra kəndlərində təsərrüfata ciddi ziyan dəyib.

Xüsusilə, Tərtərin Mamırlı kəndi və ona qonşu olan ərazilərdə yağış selə çevrilib. Kəndin daxili yollarını və həyətləri su basıb. Nəticədə həyətyanı taxıl sahələri yararsız vəziyyətə düşüb.

Yağış günorta saatlarında kəsilsə də, həyətlər və kəndin yolları hələ də su altında qalmaqdadır. Sakinlərin sözlərinə görə, son illər ərzində belə güclü sel müşahidə olunmayıb.

Güclü külək və leysan Şamaxıda da fəsadsız ötüşməyib. Güclü külək şəhərin bir neçə küçəsində irigövdəli ağacları aşırdaraq elektrik və rabitə naqillərini sıradan çıxardıb. Nəticədə rayon ərazisində elektrik enerjisinin verilişi dayanıb. Rayondan keçən Pirsaatçay və Ağsu cayında suyun səviyyəsi qalxıb və bəzi kəndlərə gediş-gəliş qismən çətinləşib. Bundan əlavə, taxıl və digər əkin sahələrinə də ziyan dəyib.

***17:50

Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nəticədə rayonun kənd və qəsəbələrində elektrik dirəkləri aşıb, fərdi yaşayış evləri və binaların dam örtüyü dağılıb.

Küləklə yanaşı rayona güclü yağış da yağıb ki, nəticədə binaların zirzəmiləri və fərdi yaşayış evlərinin həyətləri su ilə dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyi və Bərdə Rayon Mənzil İstismar İdarəsinin əməkdaşları və texnikası cəlb olunub. Həyət və zirzəmilərə dolan sular nasoslar vasitəsi ilə çəkilir.

Hazırda rayonda elektrik enerjisi də kəsilib. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları elektrik enerjisi verilişinin bərpası istiqamətində iş aparırlar.

Son xəbərlər

Orphus sistemi