Bərdədə avtomobil qaz xəttinə çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb - YENİLƏNİB

Hadisə
  • 13 yanvar, 2025
  • 10:27
Bərdədə avtomobil qaz xəttinə çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb - YENİLƏNİB

Bərdə rayonunun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, 27.09.2000-ci il təvəllüdlü Bakı şəhəri Suraxanı rayon sakini Ağayev Murad Bəkir oğlu, 13.12.2001-ci il təvəllüdlü Bakı şəhəri Nizami rayon sakini Paşayev Əli Zaur oğlu və 27.10.2002-ci il təvəllüdlü Bərdə rayon Böyükgöyüşlü kənd sakini Kazımov Qəhrəman Hikmət oğlu müxtəlif dərəcəli yanıq xəsarəti ilə saat 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının 2-ci Təcili tibbi yardım şöbəsinə gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.

14:04

Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, “Hyundai Accent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.

Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.