​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib

​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib
Hadisə
5 Avqust , 2016 12:11
​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Saray bələdiyyəsinin keçmiş sədri V.Əbdülhəsənovanın müavini Məhid Həsənov, həmin bələdiyyədə sürücü işləyən Elşad Əhmədov, Elvin Əliyev, Salman Məmmədov, Alim Yaqubov ifadə verib.

M.Həsənov F.Həsənovu əvvəllər mülayim insan kimi tanıdığını bildirib.

E.Əhmədov da onun dediklərini təsdiqləyib: "Mərhumla Fədai arasında heç bir mübahisəyə şahidlik etməmişəm".

E.Əliyev bildirib ki, hadisədən əvvəl qətlə yetirilmiş V.Əbdülhəsənovaya torpaq almaq üçün pul verib: "Pulu şəxsən mərhumun özünə verdim. Lakin hadisəyə görə, torpağı hələ də ala bilmirəm".

A.Yaqubov da deyib ki, torpaq almaq üçün qətlə yetirilmiş qadına pul verib.

Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi