Yuxarı

​Baş Prokurorluq qayınatanın gəlini və özünü öldürməsi hadisəsi ilə bağlı açıqlama yayıb

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Baş Prokurorluq Şirvanda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisə ilə bağlı açıqlama yayıb.

“Report”un xəbərinə görə, açıqlamada bildirilib ki, yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan Şəhər Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında dərhal şəhər prokurorluğu və polis şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar, o cümlədən cinayət aləti olan bıçaq götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini, 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini, 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi