Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirlərdə iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirlərdə iştirak edib ​Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib
Hadisə
15 Dekabr , 2014 15:21
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirlərdə iştirak edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Dünya Bankının dəstəyi ilə Korrupsiyaya qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam açaraq, korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılmasının vacibliyini bildiriblər.

İclasın korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti adlı sessiyasında çıxış edən K.Əliyev ölkə başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunverici və institusional islahatlar, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verməklə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) birgə səyləri ilə müvafiq olaraq cari ilin iyul və noyabr aylarında Bakı şəhərində keçirilmiş “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransın və IACA-ya üzv və iştirakçı dövlətlərin Assambleyasının 3-cü sessiyasının əhəmiyyətini xüsusi vurğulayıb.

K.Əliyev iclasın korrupsiyanın qarşısının alınmasına həsr edilmiş sessiyasındakı çıxışında ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinə dair iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə K.Əliyev Dünya Bankının və Dələduzluqla Mübarizə üzrə Avropa Bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev Fransanın paytaxtı Paris şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (UNODC), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının dəstəyi ilə korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və gələcək əməkdaşlıq adlı simpoziumda iştirak edib.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ən qabaqcıl təcrübəyə malik olan 50-yə yaxın beynəlxalq təşkilatların nümayəndələri iştirak etməklə uzun illər əldə etdikləri təcrübəni iştirakçılarla bölüşüb, təqdimatlarla çıxışlar ediblər.

Simpozumun sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirləri özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.

Son xəbərlər

Orphus sistemi