Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulamış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini qeyd etmişdir.
Həmçinin, Baş prokuror Dövlət başçısının «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini nəzərə çatdırmışdır.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Vüqar Quliyev, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Neymət Məmmədov, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Abdulla Məmmədov və Mikayıl Məmmədzadə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilmiş İlham Cəfərzadəyə Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilmişdir.
Baş prokuror hakim təyin edilmiş prokurorluq işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmişdir.