Yuxarı

Baş prokuror: "Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs olunub, 4 nəfər məhv edilib"

Baş prokuror: "Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs olunub, 4 nəfər məhv edilib"

Bakı. 30 iyul. REPORT.AZ/ "Bu il iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib".

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib.

O deyib ki, radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərən 4 nəfər xüsusi xidmət orqaları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub. Əməliyyat tədbirləri zamanı zərərsizləşdirilən şəxslərin üzərindən, eləcə də həbs edilən şəxslərin yaşadıqları ünvanlardan müxtəlif markalı avtomat, tapança, onlara aid sursat, qranat və soyuq silahlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi