Yuxarı

Baş Prokuror: "Azərbaycanda antikorrupsion qanunvericilik təkmilləşdirilməlidir"

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Bu gün baş prokuror Zakir Qaralovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn və prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə dair əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, ardıcıl olaraq reallaşdırılan dövlət proqramları, yürüdülən praqmatik siyasət, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və davamlı tədbirlər barədə məlumat verib.

Bildirilib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilməli və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrası istiqamətində zəruri tədbirlər görülməlidir.

Müşavirədə məruzə ilə çıxış edən baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilmiş tədbirlər, icra edilmiş Fəaliyyət Planları, ixtisaslaşmış orqanlar, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması, fəaliyyəti, strukturu və ştat tərkibinin formalaşması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlarla faydalı əməkdaşlıq barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, qəbul olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməklə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi, vətəndaşların maarifləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə təmasın daha da gücləndirilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşların ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş İdarəyə birbaşa və maneəsiz müraciət etmək imkanının təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının artırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsinin aparılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, açıq hökumət prinsipləri, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini özündə ehtiva edib.

Müşavirədə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan elektron xidmət növlərinin siyahısının təkmilləşdirilməsi məqsədilə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Baş Prokurorluqda hazırlanmış “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının tətbiqi təmin olunmaqla informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilərək mərkəzi aparatla tabe prokurorluqlar arasında videokonfras sistemi quraşdırılmaqla onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilib. Eyni zamanda, Baş Prokurorluğun veb-saytının proqram hissəsinin daha müasir və təhlükəsizlik standartlarına cavab verən proqramla əvəz edilməsi prosesinin yekunlaşdırılması və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Müşavirədə prokurorluq orqanlarında əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər bir nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlardan tələb edilib.

Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilməklə vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin gündəlik nəzarətdə saxlanılmaqla, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası və həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror bildirib ki, qarşıdakı dövr ərzində Baş İdarə beynəlxalq standartlar nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini artırmalı, antikorrupsion qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən istintaq sövdələşməsi, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi kimi müddəaların cinayət qanunvericiliyinə daxil edilməsi, eləcə də, elektron informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Müşavirənin yekununda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi