Baş həkimin məhkəməsində şahidlər dindirilib

Baş həkimin məhkəməsində şahidlər dindirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə proses
Hadisə
13 Dekabr , 2021 16:28
Baş həkimin məhkəməsində şahidlər dindirilib
İmran Ağayev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Zaməddin Məmmədov ifadə verib.

O bildirib ki, FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalına yerləşdirilmək üçün pul verməyib: "Ora öz maşınımla getdim, 1 saat gözlədik, sonra hospitala daxil olduq. Eni 2 metr olan balaca bir otaq idi. Otaqda 4 nəfər var idi. Oradakı şərait və mövcud vəziyyətdən belə qənaətə gəldim ki, hospitalda xəstə olmayan da xəstələnər. Yeməkləri də xoşuma gəlmədi. Orada cəmi 1 gecə qaldım. Gecə oğluma zəng edib dedim ki, burada qala bilmərəm, məni başqa xəstəxanaya köçürtsünlər”.

Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlərin olduğunu bildirib. İclasda şahidin istintaqa verdiyi ifadəsi elan olunub.

Z.Məmmədov müstəntiqə verdiyi ifadəsində deyib ki, hospitala gedəndə orada normal palataya köçürülməsi üçün ondan 3 min manat pul istənilib.

Şahid isə istintaqa belə bir ifadə vermədiyini söyləyib.

Daha sonra isə vəkillər vəsatət qaldırıb. Onlar müstəntiq Nicat Şahverdiyevin şahid qismində məhkəməyə çağırılmasını tələb ediblər.

Hakim isə növbəti şahid ifadələrindən sonra vəsatətə münasibət bildiriləcəyini deyib.

Digər şahid Emin İsgəndərov deyib ki, dostunun anasının FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalına yerləşdirilməsində vasitəçilik edib: "Mən hospitalın qarajının müdir müavini vəzifəsində çalışırdım. Dostumun anasını Rüfət Vəlizadənin vasitəsilə ora yerləşdirdik. Buna görə dostumdan 1 000 manat pul istədilər. Bu puldan da mənə 100 manat çatdı”.

Növbəti proses dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi