Balakən və Şəki sakinlərindən narkotik maddə götürülüb

Balakən və Şəki sakinlərindən narkotik maddə götürülüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
3834
2 Fevral , 2019 10:23
Balakən və Şəki sakinlərindən narkotik maddə götürülüb

Bakı. 2 fevral. REPORT.AZ/ Balakən və Şəki rayon sakinlərindən narkotik maddə götürülüb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.

Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Səxavət Salmanov narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinərək polis şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı ondan 5,55 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitəni əldə etdiyi mənbələr də müəyyənləşib. Belə ki, S.Salmanov narkotik vasitəni 70 manata qohumu Elbrus Hümmətovdan, sonuncu isə həmin qurudulmuş marixuananı rayonun Aşağı Laysqı kənd sakini Etibar İbrahimovdan aldığını bildirib. E.İbrahimovun evinə baxış keçirilən zaman oradan 12 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi