Bakıda narkotik satan və tiryəkxana təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib, 60 nəfər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə tiryəkxana təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.