Yuxarı

​Bakıda tanışı tərəfindən bıçaqlanan şəxs məhkəməyə gəlməyib

Özümü təqsirli hesab edirəm

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı Əjdər Ağadadaşovu bıçaqlayan paytaxt sakini Rauf Abbasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahid Elçin Məmmədov ifadə verib.

R.Abbasov dindirilən zamanı hadisə haqda danışıb: "Əjdər böyük qardaşımla dostluq edirdi. Onu qardaşım vasitəsilə tanımışam. Bir gün Əjdərlə münasibətlərimiz pozuldu. Hadisə günü zəng vurub məni təhqir etdi. Səbəbini bilmədim ki, məni niyə söyür?! Mən də maşınımla onun yanına getdim. Əjdərə maşına minməsini və söhbət etmək istədiyimi desəm də, yenə təhqiramiz ifadələr işlətdi. O, avtomobilimi təpiklə vurdu. Əjdərin bu hərəkətindən sonra maşında gəzdirdiyim bıçaqla ona zərbə endirdim. Artıq onunla barışmışam. Əməlimdən peşmanam. Özümü təqsirli hesab edirəm".

Mebel ustası olan E.Məmmədov ifadə verərkən bildirib ki, hadisədən əvvəl Ə.Ağadadaşov təqsirləndirilən şəxsi təhqir edib: "Hər iki şəxsi tanıyıram. Həmin vaxt mən mağazanın qarşısında dayanmışdım. Birdən mağazadan bir qədər aralıda səs gəldi. Rauf maşının içərisində olarkən Əjdər ona söyürdü. Bundan sonra Rauf da avtomobildən düşüb onu bıçaqladı".

Hakim Azad Məcidov zərərçəkən Əjdər Ağadadaşovun prosesdə ifadə verməsi üçün məhkəməyə gəlməsini tələb edib. O, təqsirləndirlən şəxsin qardaşı və şahid E.Məmmədova bildirib ki, Ə.Ağadadaşovu bu haqda xəbərdar etsinlər.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakının Yasamal rayonu ərazisində baş verib. Paytaxt sakini Rauf Abbasov tanışı Əjdər Ağadadaşovu bıçaqlayıb. Ə.Ağadadaşov xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abbasov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi