Su Polisi “Şəfəq” gəmisinin göyərtəsində içində pul və sənədlər olan çantanı itirən ərəb turistə köməklik edib.
Belə ki, aprelin 7-si saat 21:25 radələrində DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Məlumat dərhal aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib. İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərilib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb.
Azərbaycana qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.


