Bakıda sinif yoldaşını hədələyib pul alan məktəbli məhkəmədə ifadə verib

Bakıda sinif yoldaşını hədələyib pul alan məktəbli məhkəmədə ifadə verib Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Kərim Əzizovun (ad və soyad şərtdir) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Avqust , 2018 13:22
Bakıda sinif yoldaşını hədələyib pul alan məktəbli məhkəmədə ifadə verib

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Kərim Əzizovun (ad və soyad şərtdir) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama əsasən, yetkinlik yaşına çatmayan K.Əzizov Bakıda eyni məktəbdə oxuyan Yaşar Qədimova (ad və soyad şərtidir) özünü kriminal aləmin üzvü kimi təqdim edərək, onu döyəcəyini deyib və daha sonra 60 manat pul alıb.

Bu səbəbdən aralarında yaranmış mübahisə zəminində Y.Qədimova beysbol taxtası ilə zərbələr endirib.

Bundan başqa, Y.Qədimovun yanında olan dostu Rasim Əliyevə də (ad və soyad şərtidir) bıçaqla xəsarət yetirib.

Məhkəmədə elan olunmuş ittihamla K.Əzizov özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, Y.Qədimovla aralarında mübahisələr pula görə olub: "Yaşara 100 manat borca pul vermişdim. Özümə paltar alacaqdım. Ona pul lazım oldu deyə verdim. Həmişə alıb və vaxtında da qaytarıb. Həmin gün Yaşardan pul istəyəndə "yoxdur, olanda verəcəm" dedi. Buna görə mübahisə elədik, dalaşdıq. Bizi müəllimənin otağına apardılar. Oradan çıxanda Yaşar, Rasim, bir də Qasım qapının ağzında idi. Yaşar məni gözlədiyini söylədi. Mən də razılaşdım. Məktəbin pəncərəsindən düşüb evə getdim. Beysboll taxtası və bıçaq götürüb gəldim. Məktəbin yanında görüşəndə Yaşarı taxta ilə vurdum. O, yerə yıxılanda Rasim ayağımdan tutmaq istədi. İstər istəməz bıçaq onun boğazını kəsdi. Onu bıçaqla vurmaq istəmirdim. Bıçaq dəyəndə hamı qaçdı. Rasimi yaxınlıqdakı klinikaya özüm apardım. Ona dedim ki, orda yıxıldığını bildirərsən. Elə də oldu. Sonra klinikadan "102"-yə zəng elədilər. Mən də ordan qaçdım".

Suallara cavab verəm K.Əzizov beysbol taxtasını həyətdən tapdığını, bıçağı isə "Laçın Ticarət Mərkəzi"ndən aldığını bildirib.

Prokuror qeyd edib ki, ekspertiza rəyində bıçağın soyuq silah olduğu göstərilib.

K.Əzizov məktəbdə nizam-intizamlı şagird olduğunu, heç bir kriminal aləmlə əlaqəsinin olmadığını, həmin hadisəyə qədər də heç kimlə dava etmədiyini deyib.

Qeyd edək ki, K.Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; eyni əməllər), 182.2.3-cü (zor tərbuq etməklə törədildikdə), 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi