​Bakıda sifarişli qətl törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

​Bakıda sifarişli qətl törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
6 Aprel , 2016 08:50
​Bakıda sifarişli qətl törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində sifarişli qətl törətməkdə təqsirləndirilən Şahvələd Mürsəl oğlu İmanov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti və Baş Prokurorluğun apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, cinayət hadisəsi 2013-cü ilin may ayında baş verib. “Şəms” MMC firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib. Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Aydın Aslan oğlu Rüstəmov, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Şahvələd Mürsəl oğlu İmanov olması müəyyənləşib. Hadisədən sonra Ş.İmanov yaşadığı Göygöl rayonuna qaçıb. Lakin çox keçməyib ki, o, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin A.Rüstəmov olması müəyyənləşib.

İstintaq zamanı müəyyənləşib ki, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms” MMC firmasının nizamnaməsində dəyişiklik etməklə, onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib. Bundan sonra A.Rüstəmov M.Həqzadəni aradan götürtmək qərarına gəlib.

Ş.İmanov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi