Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminidə öldürməkdə təqsirləndirilən Sahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Babayev cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən ona müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.
Hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdiriləcək.
Qeyd edək ki, hadisə ötən il martın 4-də saat 20:00 radələrində baş verib. Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayev Nizami rayonu ərazisində faktiki nikah münasibətində olduğu Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayeva ilə qısqanclıq zəminində mübahisə edib. O, mübahisə zamanı qadının sifət nahiyəsinə yumruq zərbəsi endirərək dodağını partladıb. Buna görə də E.Ağarzayeva onun ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. S.Babayev mətbəx bıçağını götürərək qadına bıçaq zərbələri endirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.