Yuxarı

​Bakıda saxta valyuta satan şəxslərin apellyasiya şikayətinə baxılıb

Hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Kərimov Qadir Əbdülhüseyn oğlu və Babayev Valeh İsrafil oğlu barələrindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevdən saxta əsginaslar götürülüb. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Q.Kərimov və əvvəllər məhkum olunmuş V.Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250 min rubl saxta əsginas götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, həmin ilin noyabr ayının 23-də 28 May küçəsində yerləşən "Standart Bank"a məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250 min rubl saxta əsginas verib 3075 manat almaları müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama , əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

2015-ci ilin sentyabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə V.Babayev 9 il , Q.Kərimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qadir Kərimov məhkəmə zalında həbs edilib. O, istintaq dövründə şərti azadlıqda olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi