Bakıda saxta "polis"lərin məhkəməsində taksi sürücüsü ifadə verib

Bakıda saxta "polis"lərin məhkəməsində taksi sürücüsü ifadə verib Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək
Hadisə
13 Sentyabr , 2018 14:45
Bakıda saxta polislərin məhkəməsində taksi sürücüsü ifadə verib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İmran Orucov ifadə verib.

O bildirib ki, Sabunçu rayonunda, 12-ci Polis Bölməsinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur: "Hadisə baş verən gün həmin şəxslər mənə müştəri kimi yaxınlaşdı. Polis vəsiqəsi göstərdilər. Vəsiqəni tam gözümün qarşısına tutdular ki, oxuya bilməyim. Dedilər ki, maşında narkotik var. Mən də qorxdum. 500 manat istədilər, verdim".

İ.Orucov bildirib ki, istintaq dövründə pulu qaytarılıb və hazırda şikayəti yoxdur.

Məhkəmədə digər zərərçəkmişlər də dindirilib.

Onlar da eyni üsulla müxtəlif məbləğlərdə pullarının alındığını deyiblər.

Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polis"i saxlayıblar.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi