Yuxarı

Bakıda qonşusunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Bağırovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu, 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. K.Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bu il avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi