Bakıda qətldə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib: "Onun başına iki dəfə çəkiclə vurdum"

Bakıda qətldə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib: "Onun başına iki dəfə çəkiclə vurdum" Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib
Hadisə
7 İyun , 2017 13:10
Bakıda qətldə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib: Onun başına iki dəfə çəkiclə vurdum

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.Xalıqov özünü təqsirli bildiyini söyləyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Pul lazım idi. Evə girdim. Sonra bu hadisə baş verdi. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 mant pul və pul kartı götürdüm. Əməlimdən peşmanam".

Qətlə yetirilən şəxsin hüquqi varisi, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Hüseynov dindirilərkən bildirib ki, R.Xalıqovun tutduğu əmələ görə cəza verilməsini istəyib.

Şahid qismində Nigar Ələkbərova ifadəsində qeyd edib ki, qətlə yetirilmiş Viktor Lituxin onun atasının dostu olub: "Hadisədən sonra axşam tərəfi Viktora zəng vurdum, o, telefonu götürmədi. Səhərisi günü onun evinə getdim, yenə qapını açmadı. Evdən pis iyi gəlirdi. Sonradan onun öldürüldüyü məlum oldu".

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

Son xəbərlər

Orphus sistemi